“Toy karvanı»ndakı təhlükəli davranışlar faciəyə səbəb ola bilər”

Xalqımızın toy kimi qədim tarixə söykənən bir adəti var. Bu, həm də xalqımızın milli dəyərləridir. Elə gəlin gətirməyin özü də tarixən bir çox adətləri özündə cəmləşdirib. Əvvəllər gəlin at üstündə gətirilirdisə, sonradan bunu avtomobillər əvəz etməyə başladı. Hər kəs daha bahalı maşında gəlin gətirməyə, toy karvanında daha çox maşının iştirak etməsinə çalışdı. Toy karvanında daha çox maşın iştirak edən şəxslər özlərini daha yüksək təbəqədən hesab etdilər. Amma toy karvanında bəzən macəra axtaranlar da olur. Bu macəraların sonu isə bəzən çox ağır oluür. Hətta toy bəzənyasa da çevirir. Təkcə bu ilin ilk 3 ayı ərzində Bakıda “toy karvanları”ndakı nəqliyyat vasitələrinin iştirakı ilə 12 yol qəzası baş verib. “Toy karvanı terroru” nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyi (DIN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. O qeyd edib ki, 2013-cü ildə Bakıda “toy karvanları”ndakı avtomobillərin iştirakı ilə 47 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 9 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Onun sözlərinə görə, xüsusilə axşam saatlarında “toy karvanları”nda iştirak edən avtomobillər tərəfindən yolboyu səs siqnallarından lüzumsuz istifadə edilməsi, yolun hərəkət zolaqlarının tutulması, işıqforun qırmızı işığında dayanmadan hərəkət etməsi, yolayrıclarını keçmə qaydalarını pozması, ehtiyac olmadan asta sürətlə hərəkət etməsi, yola bitişik şadlıq saraylarının qarşısında dayanmış avtomobillərin hesabına yolların daralması, həmin yol üzrə gediş-gəlişin çətinləşməsi və süni tıxacların yaranması daha çox müşahidə edilir: “Belə neqativ hallar əhalinin narahatlığı və narazılığına səbəb olur. Ona görə də “toy karvanları”nda iştirak edən avtomobil sürücülərini bir daha ciddi nizam-intizama dəvət edir və xəbərdarlıq edirik ki, paytaxt ərazisində “toy karvanları”nda iştirak edən hər bir avtomobil hərəkət marşrutu boyu izləniləcək və kimliyindən asılı olmayaraq, qayda pozucuları qanunverciliyin tələblərinə uyğun şəkildə cəzalanacaqlar. Xahiş edirik, bəy-gəlinin xoşbəxtliyinə qanqaraçılıq qatmasınlar və başqalarının bədbəxtliyinə gətirib çıxaran hadisələrə rəvac verməsinlər”.

V.Əsədov bir daha Bakı şəhər Dövlət Yol Polisi İdarəsi adından toy sahiblərinə müraciət edərək “toy karvanları”nda iştirak edən avtomobillərin sayının azaldılmasını tövsiyə edib.

Toy karvanlarında iştirak edən sürücülər toyun şən keçməsi üçün bunu etsələr də, nəticənin bu qədər ağır olacağını bəlkə də heç düşünmürlər. Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Orxan Oruc bildirdi ki, “Toy karvanındakı təhlükəli davranışlar özünütəsdiq etmək istəyənlərin macəralarıdır: “Dilimizdə olan “bəy” sözünün tairixi köklərinə nəzər salsaq görərik ki, qədim türk dilində ali təbəqədən olan insanlara “bəy” adı ilə müraciət edirmişlər. Bəylərin çoxlu mülkü, nökərləri, var-dövləti olurmuş. Hər adam da bəy ola bilməzmiş. Bizimi genetik yaddaşımızda həmin bu bəy obrazı formalaşıb. Düşünürəm ki, evlənən kişilərə var-dövlətindən asılı olmayaraq “bəylik” hissini yaşatmaq üçün heç olmasa bir müddətlik “bəy” statusu verib, onunla bəy kimi davranırmışlar. Bu dövrdə bəy feodalları olmasa da, həmin “bəy” stereotipi xalqımızın genetik yaddaşında qalıb. Bu ərəfədə yaxın dostlar, tanışlar bəyin xoşuna gəlməyə çalışıb, onun istəklərini yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirməyə çalışırlar. İllər öncə, bəyin dostları toyda silahla havaya atəşlər açıb, şabaşlar (pul) tökməklə öz güclərini nümayiş etdirməyə, bəyin qulluğunda hazır olduqlarını göstərməyə çalışırdılar. Bu gün bu davranışlar həm hüquqi normalara, həm də iqtisadi səbəblərə görə aradan qalxıb. Ancaq, bir millət kimi genetik yaddaşımızda bu davranışların motivləri tam olaraq silinmədiyi üçün, sadəcə olaraq formasını dəyişib. Ona görə biz bu gün həmin güc nümayişi ehtiyacını “toy karvanı” zamanı maşınlarla edilən təhlükəli davranışlarda müşahidə edə bilirik. Ümumiyyətlə, hər bir kəsin özünü digər insanlara, cəmiyyətə təsdiq etdirmə ehtiyacı var. “Toy karvanı”nda edilən təhlükəli maşın manevrlərini özünütəsdiq vasitəsi kimi qiymətləndirə bilərik. Yəni, özünü digər sahələrdə təsdiq edə bilməyən gənclər, özünütəsdiq ehtiyacını bu vasitə ilə həyata keçirmiş olurlar. Adi bir müşahidə nəticəsində görə bilərik ki, bu cür davranışlara yol verən şəxslər, əsasən uğursuz və özünü təsdiq edə bilməmiş insanlardı. Bu cür insanlar, qohum-əqrabanın, dostların, qonşuların hamının yığışdığı bir məkanı özləri üçün səhnə hiss edib, özünü nümayiş etdirmək üçün hərəkətə keçirlər. Digər tərəfdən bu həm də müasir kişilik nümayişi kimi qiymətləndirilib və streotipləşib. Ümumiyyətlə, bizim toplumda belə bir təsəvvür var ki, kişi bir qədər kobud, təhlükədən qorxmayan, ölümün gözünə dik baxmağı bacaran olmalıdır. Həmin bu təsəvvürün də, toy karvanları zamanı yol verilən təhlükəli maşın manevrlərinin edilməsi səbəblərindən biri olduğunu söyləmək olar. Bildiyimiz kimi, bu cür davranışların nəticəsində bəzən ciddi xəsarətlə, hətta ölümlə nəticələnən hadisələr də baş verir”.

Psixoloq deyir ki, bu davranış da bir müddətdən sonra unudulacaq və aradan qalxacaq: “Amma bu prosesi sürətləndirmək üçün, daimi maarifləndirmə işi aparmaq, bu haqda video-rolikləri Kütləvi İnformasiya Vasitələrində tez-tez yayımlamaq, həmin hərəkətlərin təhlüklələri barədə insanları geniş məlumatlandırmaq lazımdır”.


Aygün Asimqızı

Поделитесь с друзьями